“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda dördüncü “YAŞAT” yay məktəbi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir.
Proqramın məqsədi şəhid övladlarının ingilis dili biliklərini, dünyagörüşlərini və şəxsi bacarıqlarını inkişaf etdirməkdir. Onlar, həmçinin mədəniyyətlərarası mübadilədə iştirak edir və səmərəli asudə vaxt keçirirlər.
Yay məktəbində ölkəmizdə 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticə göstərmiş 10 şəhid övladı iştirak edir. Proqram çərçivəsində onlar gündəlik ingilis dili dərsləri ilə yanaşı, Temza çayı, Britaniya Muzeyi, Biq Ben, Vestminster Sarayı və Abbatlığı, Elm Muzeyi və London Təbiət Tarixi Muzeyini ziyarət edirlər.
Layihənin media dəstəkçisi ASAN Radio və ASAN TV-dir.