İyulun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Partiyadan bildirilib ki, görüşdə Tahir Budaqov tarixi ənənələrə, qarşılıqlı etimada və möhkəm dostluğa əsaslanan Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin bu əlaqələrin inkişafına xüsusi önəm verdiklərini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə dövlət səfəri zamanı imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat iqtisadiyyat, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.

Tahir Budaqov Azərbaycanın Vahid Çin siyasətinə qətiyyətli dəstəyini bildirərək, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Zəngəzur dəhlizinin geostrateji əhəmiyyətini qeyd edib. O, həmçinin Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın, o cümlədən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və gənclər arasında əlaqələrin inkişafının münasibətlərin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin İnformatika və Tədqiqatlar Departamenti direktorunun müavini Kanq Şuay səmimi qəbula görə təşəkkür edərək, səfərin onlarda xoş təəssürat yaratdığını bildirib.

O, Azərbaycan-Çin münasibətlərinin hər iki ölkə liderinin siyasəti nəticəsində bütün sahələr üzrə uğurla inkişaf etdiyini, Çinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Hakim partiyalar arasında işbirliyinin əhəmiyyətindən bəhs edən Kanq Şuay səfər çərçivəsində keçirilən görüşlərin iki ölkə və partiyalar arasında tərəfdaşlıq münasibətlərinin daha da inkişafına töhfə verəcəyini bildirib.

Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Görüşdə yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, nümayəndə heyətinin İçərişəhərə, Dənizkənarı Milli Parka, “Sea Breeze” istirahət mərkəzinə, Mərkəzi Nəbatat Bağına, Bakı Gənclər Mərkəzinə, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Dövlət Bayrağı Muzeyinə və Heydər Əliyev Mərkəzinə ziyarətləri də təşkil olunub. ÇKP nümayəndələri, həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Operetta inciləri” konsert proqramını izləyiblər və Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə birlikdə ağacəkmə aksiyasında iştirak ediblər.