Bütün suallara istədiyim kimi cavab verə bilməyəcəm. Çünki rəqib də səsləndirdiyimiz fikirləri təhlil edir. Onların təcrübəli baş məşqçiləri var.

 

Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıtda “Payde” (Estoniya) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“İlk matçdakı oyun istədiyimiz kimi keçirdi. Lakin qarşımızda təcrübəli və nəticə üçün oynayan komanda var idi. Bizi də yaxşı təhlil etmişdilər. İlk hissədə fərqlənməli idik. Lakin əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Matçın son 10 dəqiqəsi bizim istədiyimiz kimi alınmadı. Avrokuboklarda istənilən nəticə ilə qarşılaşmaq olur. Amma sabah biz qalib gəlmək niyyətindəyik. Növbəti mərhələ haqqında düşünmürük. Bütün diqqətimizi “Payde” ilə cavab görüşünə yönəltmişik”, - deyə mütəxəssis bildirib.

O, cavab matçında da oyun üslublarından çıxmaq istəmədiklərini söyləyib: “Bəlkə də rəqib sabah Bakıda daha istəkli olacaq. Onların da xüsusi planları olacaq. Ümid edirəm ki, futbolçularım ən yaxşı oyunlarından birini keçəcəklər”.

Baş məşqçi yeni transfer Dameyn Smitin keçidini dəyərləndirib: “Zirə” onun ilk peşəkar komandasıdır. Yaxşı potensiala sahib futbolçudur. Transferlərimiz davam edir. Daha 4-5 legioner cəlb etməyi düşünürük”.

Qeyd edək ki, “Zirə” – “Payde” oyunu iyulun 30-da Sumqayıtda təşkil olunacaq. İlk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.