Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq çərçivəsində tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.

 

İdarədən bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin – 57, 68 və 141 nömrəli tam orta məktəblərin sökülərək yenidən tikintisi, İncəsənət Gimnaziyasının və 3 uşaq bağçasının – 352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası və Etibar Ömərov adına uşaq bağçasının əsaslı təmiri aparılır. Bununla yanaşı, ehtiyac olan 210 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri görülür.

Qeyd olunub ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə – 59, 151, 313 və 324 nömrəli məktəblərdə, eləcə də 101 və 351 nömrəli uşaq bağçalarında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Həmçinin 99, 116, 257, 328 nömrəli və A.Məmmədov adına uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşdırılıb və həmin məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb.