Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC tərəfindən şəhid və qazi ailələrinin övladları üçün “Rəqəmsal bacarıqlar” üzrə sosial təlim proqramı həyata keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Zəfər Gününə həsr olunan layihənin əsas məqsədi şəhid və qazi ailələrinin övladlarının müasir rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək təhsil və peşə fəaliyyətinə hazırlığının gücləndirilməsidir.

44 gün davam edəcək təlim proqramı çərçivəsində iştirakçılara kompüterdən istifadə, “Windows” əməliyyat sistemi, “Microsoft Word”, “Microsoft PowerPoint” və “Microsoft Excel” proqramları, internet resurslarından istifadə, bulud texnologiyaları, süni intellektin əsasları və kibertəhlükəsizlik istiqamətləri üzrə praktiki bilik və bacarıqlar öyrədiləcək.

Təlimlər zamanı nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərə xüsusi üstünlük veriləcək.

Layihədə şəhid və qazi ailələrinin övladları iştirak edə biləcəklər. Təlim proqramı iştirakçılar üçün tamamilə ödənişsiz təşkil olunacaq.

Təlimlər NPTM MMC-nin Təlim və Tədris sektorunun Naxçıvan şəhərində, Şərur, Culfa və Ordubad rayonlarında yerləşən inzibati binalarında keçiriləcək.

Sənəd qəbulu avqustun 27-dən sentyabrın 27-dək həyata keçiriləcək. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.

“Rəqəmsal bacarıqlar” sosial təlim proqramı şəhid və qazi ailələrinin övladlarının rəqəmsal imkanlarının genişləndirilməsinə, onların müasir texnologiyalardan daha səmərəli istifadə etməsinə və gələcək inkişaflarına dəstək məqsədi daşıyır.