Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni birgə layihələr hazırlanır. Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan tədqiqatlar mineral xammalın kompleks emalı, strateji əhəmiyyətli metalların əldə edilməsi və müasir, ekoloji təhlükəsiz texnologiyaların işlənib hazırlanmasına yönəlib.

 

Bu barədə institutdan bildirilib. Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu Azərbaycan-Özbəkistan elmi əməkdaşlığının inkişaf etdirilməsi, fundamental və tətbiqi elmi tədqiqatlar sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra təşəbbüslər həyata keçirir. Bu istiqamətdə mühüm addımlardan biri Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyi arasında elmi əməkdaşlıq çərçivəsində Azərbaycan və Özbəkistan alimləri üçün birgə elm müsabiqəsində iştirakla bağlıdır. Müsabiqə üçün Kimya İnstitutu tərəfindən mineral xammalın kompleks emalı və strateji əhəmiyyətli metalların əldə edilməsi istiqamətində iki birgə elmi-tədqiqat layihəsinin həyata keçirilməsi planı hazırlanıb.

Layihələrdən biri “Oksidləşmiş və qarışıq mis filizlərin emalı texnologiyasının işlənib hazırlanması” mövzusundadır. Layihə Gədəbəy mədən ərazisinin oksidləşmiş və qarışıq mis filizləri və tullantıları, həmçinin Özbəkistanın Almalık Mədən və Metallurgiya zavoduna məxsus Kalmakır yatağının oksidləşmiş və qarışıq mis filizlərinin kompleks emalına yönəlib. Tədqiqat çərçivəsində flotasiya, qravitasiya və hidrometallurgiya üsullarının kombinasiyası əsasında filizlərin emalının səmərəliliyinin artırılması, mislə yanaşı, alüminium və digər faydalı komponentlərin maksimum dərəcədə çıxarılması nəzərdə tutulur. Layihənin mühüm istiqamətlərindən biri də ekoloji cəhətdən daha təhlükəsiz, enerjiyə qənaət edən və resurslardan səmərəli istifadəyə imkan verən texnoloji yanaşmaların işlənib hazırlanmasıdır. Layihənin həyata keçirilməsi nəticəsində aşağı dərəcəli oksidləşmiş və qarışıq mis filizlərinin, eləcə də müəyyən növ aşağı dərəcəli mis tullantılarının emalı üçün yeni texnoloji sxemlərin hazırlanması gözlənilir. Əldə olunacaq nəticələrin gələcəkdə Azərbaycan və Özbəkistanın mineral xammalın zənginləşdirilməsi və emalı müəssisələrində, o cümlədən yeni yataqların və istehsal tullantılarının emalında tətbiq imkanları qiymətləndiriləcək.

Tədqiqatın əsas istiqamətlərindən biri ekoloji baxımdan daha təhlükəsiz, enerji və resurs baxımından səmərəli texnoloji yanaşmaların işlənib hazırlanmasıdır. Bu yanaşmaların aşağı dərəcəli filiz və tullantıların emalına cəlb edilməsi mineral xammaldan daha səmərəli istifadə imkanlarının genişləndirilməsinə xidmət edəcək.