Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində keçirilən silsilə tədbirlərdə Azərbaycanın turizm imkanları təqdim olunub.

 

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC (AZAL), üç yerli turizm sənayesi nümayəndəsi, həmçinin Pakistanın “Pakistan International Airlines” (PIA) və “Airblue” aviaşirkətləri təmsil olunub. Görüşlərdə Pakistan turizm sektorunun 360-dan çox nümayəndəsi iştirak edib.

Proqram çərçivəsində Azərbaycanın tarixi və mədəni irsi, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq və ekoturizm imkanları barədə məlumat verilib.

Bundan əlavə, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.

Azərbaycan və Pakistan turizm sənayesi nümayəndələri arasında keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektorları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.