Azərbaycan Mərkəzi Bankının (AMB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliklərindən ibarət nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Beynəlxalq Sığorta Forumu – 2026”da iştirak ediblər.

 

ASA-dan verilən məlumata görə, 30-a yaxın ölkədən ümumilikdə 200-ə yaxın iştirakçının – sığorta nəzarətedici orqanlarının, sığorta assosiasiyalarının və peşəkar sığorta bazarları təmsilçilərinin dəvətli olduğu forumda Azərbaycan nümayəndə heyəti panel müzakirələrdə də çıxış ediblər.

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov forum çərçivəsində təşkil olunmuş “Strategiya 2030: Qanunvericiliyin inkişaf və transformasiya istiqamətləri”, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli isə “İpək Yolu Sığorta Kəməri: Türk dünyası sığorta bazarlarının inteqrasiyası” adlı panellərdə çıxış edərək ölkəmizdə sığorta sektorunda həyata keçirilən islahatlar, əldə olunmuş nəticələr və qarşıda duran prioritet hədəflər haqqında geniş məlumat veriblər. Əsasən sual-cavab formatında baş tutan panellərdə Azərbaycan nümayəndə heyətinin verdiyi məlumatlar forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Müvafiq panellər çərçivəsində Türk Dünyası Sığorta Birliyinin türk dövlətlərinin sığorta bazarlarının inkişafında oynadığı mühüm rola da xüsusi diqqət yetirilib. Birliyin üzv ölkələrin sığorta bazarları arasında qarşılıqlı əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq təşəbbüslərin həyata keçirilməsi baxımından yaratdığı imkanların əhəmiyyəti vurğulanıb. Eyni zamanda, türk dövlətlərinin sığorta sektorları arasında əlaqələrin daha da dərinləşdirilməsinin regional sığorta ekosisteminin inkişafına töhfə verəcəyi də qeyd olunub.