Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda seminar təşkil edilib. Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kitabxanadan bildirilib ki, tədbiri açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətindən danışıb. Direktor Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələr verdiyini diqqətə çatdırıb.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanın bugünkü uğurlarının və qələbələrinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin dayandığını söyləyib. Bəxtiyar Nəbiyev Azərbaycanın müstəqillik tarixinin ən təlatümlü dövrlərindən olan XX əsrin 90-cı illərindən və həmin dövrdə ölkənin qarşılaşdığı siyasi, ictimai çətinliklərdən, müstəqilliyin qorunması, möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışıb.
Sonra AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin müasir inkişaf strategiyasına dair kitab sərgisi təşkil olunub, həmçinin mövzu ilə bağlı videosüjet nümayiş etdirilib.