Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, maliyyələşmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçiriləcək.

 

Bu barədə “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Dövlət Proqramına əsasən, Gəncə şəhərində “Azəralüminum” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması planlaşdırılır.

Eyni zamanda, alüminium yayma məhsullarının istehsalı üzrə yeni layihə çərçivəsində istehsal güclərinin artırılması, alüminiumun dərin emalı üzrə prioritet məhsulların müəyyən edilməsi, onların digər sənaye sahələrində xammal və yarımfabrikat kimi istifadəsi imkanlarının araşdırılması, habelə bu sahədə özəl sektor tərəfindən təqdim edilən layihələrin təşviqi nəzərdə tutulub.

Bundan başqa, Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı imkanlarının qiymətləndirilməsi planlaşdırılır. Özəl sektor tərəfindən illik istehsal gücü təqribən 200 min ton olan yeni ilkin alüminium istehsalı müəssisəsinin qurulması imkanları qiymətləndiriləcək.