Sənaye sektorunda cari ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.

 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, emal sənayesində bu ilin yanvar-oktyabr aylarında 18 milyard 995,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal sənayesində cari ilin yanvar-oktyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2 faiz), toxuculuq sənayesi (+50,9 faiz), əczaçılıq məhsullarının istehsalı (+47,4 faiz), tütün məmulatlarının istehsalı (+15,1 faiz), kağız və karton istehsalı (+14,6 faiz), elektrik avadanlıqlarının istehsalı (+9,2 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6 faiz), metallurgiya sənayesi (+6,4 faiz), qida məhsullarının istehsalı (+5,4 faiz), tikinti materiallarının istehsalı (+4,5 faiz) sahələrində olub.