Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərində yaşayan soydaşlarımızla görüşüb.

 

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Almaniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın iştirak etdiyi görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

“Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının üzvü Səbinə Məmmədova Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. O, diaspor fəaliyyətinə göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Alyansın İdarə Heyətinin sədri Altay Rüstəmov Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətindən diqqət çəkib. Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu vurğulayıb.

Fuad Muradov isə çıxışında Zəfər Günü ərəfəsində keçirilən icma görüşünün xüsusi rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazıb.

O, həmçinin komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, soydaşlarımız arasında uğurla davam edən icmalaşma prosesi və digər vacib istiqamətləri barədə danışıb.

Görüşdə Düsseldorf şəhərində Azərbaycan Evinin yaradılması, gələcək fəaliyyət istiqamətləri və soydaşlarımızın vahid mərkəz ətrafında birləşdirilməsi məsələləri müzakirə olunub.

Soydaşlarımızın sualları cavablandırılıb, diaspor fəaliyyətinin gücləndirilməsi, gənclərin milli kimlik ruhunda yetişdirilməsi və əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tədbirin bədii hissəsində Almaniyada doğulub böyüyən azərbaycanlı uşaqlar Azərbaycan musiqilərini ifa ediblər.