Energetika naziri Pərviz Şahbazov “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi ilə görüşüb.

 

Energetika Nazirliyindən bildirilib ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsinin inkişafı müsbət qiymətləndirilib.

Layihə çərçivəsində istifadə olunan elektrik enerjisinin bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi və bununla karbon emissiyalarının azaldılması imkanları müzakirə olunub.

“TotalEnergies” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirməkdə, o cümlədən yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlı olduğunu bildirib. Elektrik şəbəkəsinin inkişafı üzrə aparılan tədqiqatın yekunlaşmaq üzrə olduğu, nəticələrin əlavə bərpaolunan enerji güclərinin şəbəkəyə inteqrasiyası imkanlarını müəyyənləşdirəcəyi qeyd edilib.

Görüşdə Azərbaycanın yaşıl enerji dəhlizlərinin inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq Sazişinin mövcud elektrik enerjisi bağlantılarının vahid dəhliz çərçivəsində birləşdirilməsinə xidmət etdiyi, növbəti mərhələdə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının nəzərdə tutulduğu bildirilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə, Azərbaycan elektrik enerjisinin Avropa bazarlarında rəqabətqabiliyyətliliyinə və layihəyə potensial investorların cəlb edilməsi imkanlarına toxunulub.