Noyabrın 11–13-də Çexiyanın paytaxtı Praqa şəhərində Peşəkar Futbol Liqasının (PFL) tamhüquqlu üzv olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib. Bu konfrans həm də Dünya Liqaları Assosiasiyasının yaradılmasının 10 illik yubileyi ilə əlamətdar olub.
PFL-dən verilən məlumata görə, 3 günü əhatə edən və dünyanın müxtəlif qitələrindən 50-dən çox liqa təmsilçisinin qatıldığı konfransda Azərbaycanı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov təmsil ediblər.
Tədbir zamanı futbol ilə bağlı bir çox mühüm məsələ müzakirə edilib. Peşəkar Futbol Liqası qəbul edilən qərarlarda tamhüquqlu üzv kimi iştirak edib. Eyni zamanda İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.
Ölkəmizi konfransda təmsil edən şəxslər eyni zamanda müxtəlif liqaların nümayəndələri ilə görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivlərini müzakirə ediblər. Yekunda Peşəkar Futbol Liqası adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.