Rusiya Dövlət Kitabxanasının Paşkov Evində MDB-nin iştirakçı dövlətlərinin Humanitar Əməkdaşlıq Fondunun 20 illiyinə həsr olunmuş qala gecəsi keçirilib.
Gecədə Azərbaycanın Xalq artisti və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxış edib. O, uzun illər Fondun İdarə Heyətinə sədrlik edib və hazırda da bu vəzifədə çalışır. P.Bülbüloğlu 2025-ci ilin may ayında MDB Humanitar Əməkdaşlıq Şurasının sədri seçilib.
Polad Bülbüloğlu qeyd edib ki, Fond ildə 100-ə qədər tədbir keçirir. O, çoxlu sayda gəncin bir-biri ilə tanış olduğunu, tanınmış alimlərinin həmkarları ilə görüşdüyünü və ünsiyyət qurduğunu nəzərə almağı təklif edib, bu cür görüşlərin yeni ideyalar doğurduğunu vurğulayıb. P.Bülbüloğlu Fondun əməkdaşlarına və son iyirmi ildə onun işini dəstəkləyən hər kəsə təşəkkür edib.
O, tədbir zamanı müsahibəsində Azərbaycanın 2006-cı ildə Fondu təsis edən ölkələr arasında olduğunu xatırladıb: “İştirakçı dövlətlər hər il təkliflərini təqdim edir və Fond hər ölkədən iki və ya üç layihəni dəstəkləyir. İllər ərzində bu qurum Azərbaycanla birgə çoxsaylı humanitar tədbir keçirib. Müxtəlif mədəniyyətlərə mənsub insanların canlı ünsiyyət qurması çox vacibdir”.
Fondun icraçı direktoru Anatoli İksanov isə verdiyi müsahibədə Polad Bülbüloğlunun bu qurumun liderlərindən biri olduğunu qeyd edib: “Fond illər ərzində Azərbaycanda çoxsaylı layihə həyata keçirib. Fondun təxminən iyirmi ildir nəşr etdiyi “Forum Plus” jurnalı Azərbaycan haqqında çoxsaylı material dərc edib”.
Son illərdə Azərbaycanın Fonda təklif etdiyi layihələrdən danışan Anatoli İksanov, həmçinin gənclər təşəbbüslərinə dəstək və uşaqlar da daxil olmaqla əlilliyi olan insanlara yardım göstərilməsini vurğulayıb. “Bu, çox humanist fəaliyyət sahəsidir”, - deyə o qeyd edib.
Tədbirdə MDB Humanitar Əməkdaşlıq Şurasının sabiq rəhbəri Cahan Pollıyeva da çıxış edib. Ona Fondun medalı təqdim edilib. Rusiya Prezidentinin Fəxri fərmanına layiq görülən Fondun icraçı direktoru Anatoli İksanov da qonaqlara müraciət edib.
Çıxış edənlər arasında Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, MDB Baş katibinin müavini Nurlan Seytimov və başqaları var idi.
Yubiley münasibətilə MDB Gənclər Simfonik Orkestrinin konserti keçirilib. Fondun təşəbbüsü ilə 2007-ci ildə yaradılan ansambl hər il Birlik ölkələrindən gənc musiqiçiləri bir araya gətirir. Bu il ifaçılar arasında Azərbaycandan olan musiqiçilər də var idi.