Ağır olan yurd həsrəti sona yetdi. Düz 28 il gözlədik geri qayıtmaq üçün. Bu illər ərzində Vətəndən uzaq qalmaq heç də asan olmadı. Qayğılı günlər yaşadıq. Qara rənglə yazılan bütün tarixlərin, xatirələrin üstündən qələbəmizlə xətt çəkdik.

Qonağı olduğumuz Əliyevlər ailəsi Laçının Zabux kəndindəndir. Orada doğulub, orada böyüyüblər. Amma orada yaşamaq nəsib olmayıb onlara. Ömürlərinin laçın çağında Vətənlərini tərk etməli olublar.

“Nəvəm sual verir, deyir, nənə, kənddən çıxanda sənin neçə yaşın var idi? Elə bilir ki, mən bu yaşdaydım çıxanda. 34 yaşım var idi, yeni ailə həyatı qurmuşduq uşaqlar dünyaya gəldi.

İndi bu yaşımda qayıdıram. Söz tapmıram sevincimi izah etməyə. Evimə dizin-dizin sürünərək gedəcəyəm. O torpaqdan öpəcəyəm. Orada xoş günərimz çox olub”, - deyir Rahilə Əliyeva.

Zəfər çaldığmız Vətən müharibəsi axıtdığımız bütün kədərli göz yaşlarımızı sevinc göz yaşları ilə əvəzlədi. Ailə üzvləri deyirlər ki, qürurla qayıdırıq yurdumuza. Ən dəyərli hissdir qalib ölkənin vətəndaşı olmaq.

Valeh Rüstəmov atasının son nəfəsində belə Laçına getmək istədiyini bildirir: “Atamın son günləri gözümün qabağından getmir. Canını tapşıranda da elə hər gün deyirdi ki, məni Laçına apar”.

Laçının işğaldan azad edilməsi Mərdanovlar ailəsində də həyəcan və sevinc gözyaşları ilə qarşılanıb. Ailə əslən Laçın rayonunun qədim yaşayış yerlərindən biri olan Ağoğlan kəndindəndir. Kəndin bu cür adlanması isə ərazidə yerləşən Ağoğlan pirinin adı ilə bağlıdır.

Laçından olan Xuraman Təhməzova düşmənin onlardan 30 il aldığını deyir: “30 ilimiizi aldı bizdən, bu illər cavanlığımızı aldı. Elə bilirik ki, ora getsək, bir 30 il də artıq yaşayacağıq”.

Artıq həsrət bitti...Laçın sakinlərini qarşılamağa hazırdır....Qələbən mübarək, Vətən!