44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Azərbaycan mətbuatı ilə yanaşı, qardaş Türkiyənin KİV-lərinində rolu danılmazdır. Hər iki ölkənin mətbu orqanlarının nümayəndələri hadisələrin ən qaynar yerindən, bəzən təhlükə ilə üz-üzə qalaraq xəbərləri obyektiv şəkildə dünya ictimaiyyətinə təqdim etdi. Məhz bunun nəticəsində də cəbhədə olduğu kimi informasiya savaşında da qalib tərəf olduq. Birinci Qarabağ müharibəsindən fərqli olaraq, ermənilər bu dəfə öz yalanları, uydurma faktları, dini təəssüb yaratma hiylələri, saxta məzlum görüntüləri ilə dünyanı aldada bilmədilər.
BakuPost.az saytı olaraq hər iki TV-nin cəbhə bölgəsində həyatını təhlükəyə ataraq gecə-gündüz xəbər çatdıran əməkdaşlarının fikirlərini öyrənib.
Başlayaq AzTV-nin müharibə vaxtı ən təhlükəli çəkilişlərlə yadda qalan əməkdaşı Elnur Tofiqdən. Elnur əvvəlcə ordumuzun düşmən təxribatının qarşısını almağa başladığı Füzuli-Cəbrayıl istiqamətindən birbaşa bağlantılara çıxır, bir neçə metr uzaqlığına ağır artilleriyadan atəşlərin açılmasına rəğmən son məlumatları çatdırırdı. Daha sonra Elnur Tofiqi ən çox el arasında “qəhrəman şəhər” adını almış Tərtərdən tanıdıq. Hətta birbaşa bağlantıların birində onların olduğu məktəbin üzərinə artilleriya mərmisi düşmüşdü və AzTV-nin sürücüsü yaralanmışdı. Bərdəyə raket zərbələri endirildiyində də Elnuru birbaşa bağlantılarda görürdük. Həyatını təhlükəyə ataraq 44 gün boyunca işləmiş həmkarımızla həmsöhbət olduq.
Deyir ki, hər şey ilk dəqiqədən etibarən gözlərinin önündə baş verib, hətta məktəbin üzərinə mərmi düşdükdən sonra o, eşitmə qabiliyyətini qismən itirib, yaddaşı isə çox zəifləyib.
Elnur bəzi şeyləri tam detalları ilə xatırlamasa da, çəkiliş apararkən dəfələrlə yaxınlığa mərmi düşdüyün, bəzən sağ qaldıqlarına şükür etdiklərini söyləyir.
Onun sözlərinə görə, hərdən günlərlə yemək yeməyə vaxtı olmayıb: “Bir dəfə elə oldu ki, iki gün heç nə tapıb yeyə bilmədik. Gün ərzində bir dəfə nəsə yeməyə güclə vaxt tapırdıq. O da normal ev yeməyi olmurdu, ya şirniyyatla qidalanırdıq, ya da pomidor-çörəklə. Bir dəfə dostlarım dolma göndərdilər. Yeməyə vaxt olmadı, təcili çəkiliş çıxdı, sonra canlı bağlantı, ardınca radıo bağlantısı. Qayıdanda gördüm ki, bir qazan dolmanı pişiklər yeyib. Çox əsəbiləşdim, amma indi yadıma düşəndə gülməyim gəlir. Əsas problem vaxt çatışmazlığı idi.Yuxudan isə söhbət gedə bilməzdi. Gün ərzində 2-3 saat yatanda şükür edirdik. O da hər gün alınmırdı”.
Bəzən 2000-dən çox top mərmisinin düşdüyü Tərtər, sözsüz ki, cəbhənin ən aqressiv bölgəsi idi. Bu səbəbdən bütün medianın diqqəti daim bu şəhərdə olurdu.
Elnur bu bölgəyə bələd olduğundan burada çəkiliş aparan xarici KİV nümayəndələri, həmçinin Türkiyə mətbuatının təmsilçiləri onun yardımından istifadə ediblər: “Çünki ərazini yaxşı tanıyıram və qətiyyən kömək etməyə tənbəllik etmirdim. Türkiyənin media nümayəndələri hər zaman dağılmış evlərin ünvanlarını, yanğın baş vermiş yerləri soruşurdular. Onlar da bizimlə çiyin-çiyinə “vuruşdular”. Hətta bu hadisələrlə bağlı “Haber Global” kanalına müsahibə də vermişəm”.
“Haber Global”dan söz düşmüşkən, bu TV kanalının cəbhə bölgəsindəki müxbiri Osman Girgin idi. Azərbaycanın Vətən müharibəsi Osmanın ilk savaş çəkilişi təcrübəsi deyil. Özünün dediyinə görə, bu, təxminən 10-cu müharibə təcrübəsidir. Bundan əvvəl Türkiyənin həm daxili təhlükəsizliyi ilə bağlı, həm də sərhədlərinin xaricində apardığı əməliyyatları işıqlandırıb. Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatların hamısında, İŞİD və Xalq Qoruma Dəstələrinin bir-biri ilə müharibəsində jurnalist olaraq iştirak edib.
Deyir ki, müharibə çəkmək hamının qaçaraq uzaqlaşdığı yerə sənin yüyürərək yaxınlaşmağın deməkdir: “Yaşanan hadisələrin adı “müharibə”dir və bu, heç nəyi bağışlamır. Hər saniyə ya həyatını, ya da bədəninin bir orqanını itirə bilərsən. Amma orada olanda bunları hiss etmirsən, ya da mənə elə gəlir, bilmirəm. “Xəbəri çatdırma” istəyi, o an orada baş verənləri dünyaya duyurmaq arzusu hər şeyin önünə keçir. Hər şey bitdikdən sonra “ölüm təhlükəsi”nin sovuşduğunu görürsən”.
Osman Girgin cəbhə zonasında yaşayan insanların onlara necə hörmət və sevgi ilə yanaşdıqlarını da danışıb: “Heç vaxt unutmayacağım bir şey də baş verib. Mən koronavirusa Gəncədə tutuldum və Bakıda müalicə olundum. 12 gün xəstəxanada qaldım. Düzü, əvvəlcə çox narahat idim. Amma həkimlərin diqqəti və xəstəxanada doğum günümü qeyd etmələri məndə ifadəsi çətin olan hisslər yaratdı. Bu qonaqpərvərliklə yanaşı, onların vətən sevgisinə heyran oldum. İnsanların üzərinə bombalar düşürdü, meyitlə hələ dağıntılar altında olanda belə o insanlar cəbhədəki əsgərlərlə maraqlanırdı. Onların öz ailələri deyil, vuruşan əsgərləri düşünməsi məni heyrətləndirirdi. Onda özümə bir sual vermişdim: “Bir insanın övladından dəyərli nə ola bilər?” Cəbhə bölgəsində xalq arasında gəzəndə bu sualıma cavab tapdım. Bir qadın bunları dedi: “Anasız, atasız, hətta övladsız yaşaya bilərsən, amma vətənsiz əsla”. Bu ruh halı müharibəni kimin qazanacağını göstərirdi”.
Türkiyəli jurnalist azərbaycanlı müxbirlərin onlara çox kömək etdiyini bildirir: “Haber Global” olaraq AzTV ilə ortaq efirimiz də oldu. Digər kanalların əməkdaşları ilə də bir-birimizə avadanlıqdan tutmuş ünvan göstərməyə kimi hər cür köməkliyi edirdik. Elnur Tofiqlə də Gəncə hadisələrinin baş verdiyi gecə səhərə yaxın müsahibəmiz olmuşdu”.
O, Azərbaycan mətbuatının müharibə zamanı necə işlədiyinə də diqqət çəkib: “Sentyabrın sonu, oktyabrın əvvəli mətbuatı yaxından izləmək imkanım oldu. Bu zaman kəsiyi ilə bağlı deyə bilərəm ki, müharibə ilə bağlı efirlərin hamısı, əslində, Türkiyə ilə oxşar idi. Müxalifət və iqtidar media qurumları eyni cəbhədə çalışırdı. Hamısı Silahlı Qüvvələrin apardığl əməliyyatların tərəfdarı idi. Bir çox xəbər aparıcısının zəfər xəbərlərini çatdırarkən ağlaması Türkiyə mətbuatında da geniş işıqlandırıldı”.