44 günlük Vətən müharibəsində qazanılan qələbə təkcə işğaldan azad edilən ərazilərdə deyil, Ermənistanla sərhəddə yerləşən kəndlərimizdə də canlanma yaradıb. Zəfər gününə kimi daim düşmən gülləsinin hədəfində olan sərhəd kəndlərdə artıq həyat öz axarı ilə davam edir. Sakinlər tam təhlükəsiz şəraitdə gündəlik işləri ilə, həmçinin sərhədə yaxın ərazilərdə də rahatlıqla əkinçiliklə məşğuldurlar.

Həmin kəndlərdən biri də Qazaxın Fərəhli kəndidir

Fərəhlililər deyir ki, düşmən üzərində çalınan qələbə təsərrüfatlarının inkişafına, dolanışıqlarının yaxşılaşmasına birbaşa təsir göstərəcək. Çünki narahatlıqla görürdükləri işləri bundan sonra daha rahat və vaxtında həyata keçirəcəklər. Əkin sahələri də genişləndirilib. Bu isə cari ildə istehsalın ötən illə müqayisədə artıq olacağından xəbər verir.

Zəhmətkeşlərin sözlərinə görə, rayonda aqrar sahənin sürətli inkişafına nail olmaq üçün dövlət də onlara hər cür şərait yaradır. Texnika sarıdan çətinlik yoxdur. Əkinçilərə güzəştli şərtlərlə gübrə də verilir.

Fərəhli kəndinin ümumi əkin sahəsi 464 hektardır. Bu il 216 hektarda buğda, 110 hektar sahədə isə arpa əkilib. Qalan ərazilər yazlıq əkin üçün saxlanılıb. Ümumiyyətlə, bu mövsüm Qazaxda 5 574 hektar sahədə taxıl əkilib.

Alməmməd Nəbiyev