Azərbaycan Televiziyasının Vətən müharibəsi ilə əlaqədar olaraq yayımını təxirə saldığı “100 ilin adamı” layihəsinə start verilir.

Verilişdə ötən yüzillikdə ölkəmizin ictimi-siyasi, iqtisadi, ədəbi və mədəni həyatında önəmli rol oynamış şəxsiyyətlərin həyatından bəhs ediləcək.

Layihənin müəllifi və aparıcısı “Addım” gənclər təşkilatının rəhbəri Hüseyn Cavadzadədir.

Yaradıcı qrup Almaniya, İtaliya, Polşa, Türkiyə, Rusiya və başqa ölkələrdə çəkilişlər edib, Məhəmməd Əmin Rəsulzadə, Banin, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Fərman Salmanov, Robert Osseyn, Qurban Səid və onlarla məşhur azərbaycanlının irsini axtarıb. Komanda həmin şəxslərin varisləri ilə görüşüb, yaşadıqları məkanları ilk dəfə olaraq lentə alıblar.

Müsahibə verənlər arasında Rober Osseyn də var.

Qeyd edək ki, R.Osseyn 2020-ci il dekabrın 31-də vəfat edib. “100 ilin adamı” layihəsində söhbəti Robert Osseynin Azərbaycan mətbuatına son müsahibəsi olub.

Layihə tezlikdə Azərbaycan Televiziyasında yayımlanacaq.

Məlumat üçün bildirək ki, “Brend Media” şirkətinin hazırladığı verilişə dəstəyi Gənclər və İdman Nazirliyi verir.