Azərbaycana daha 432 000 doza COVID-19 vaksin dərman vasitəsi idxal olunacaq.

Bu barədə Baş nazir Əli Əsədovun koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana uyğun olaraq imzaladığı sərəncamda deyilir.

Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksininin  Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.