“Avropa Şurasının İnsan Hüquqları üzə komissarının son aylarda Ermənistanla Azərbaycan arasındakı münaqişə ətrafında baş verən insan haqları ilə əlaqəli son inkişafları izləməyə göstərdiyi marağı nəzərə alaraq vurğulamaq istərdik ki, münaqişə 30 ilə yaxın davam edib, nəhəng humanitar əziyyətlərə səbəb olub və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub. Lakin bütün bu iztirablar və hüquq pozuntuları “Komissarın mandatına aid olmaması” bəhanəsi ilə həm hazırkı Komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb”. Bu fikirlər Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanlanan məktubuna dair Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində əksini tapıb. Bildirilir ki, işğal zamanı qeydə alınan dəhşətli faktlara Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı tərəfindən məhəl qoyulmayıb. Komissar görünür ki, sözügedən “mandat" tərəfindən qoyulan məhdudiyyətləri unudaraq, siyasi motivli məsələlərə maraq göstərməyə başlayıb. Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür. Sitat: “Bakıdakı Hərbi Qənimətlər Parkının açılışına görə Komissarın “təəssüf bildirməsi” də eynilə əsassızdır. Millətlərin müstəmləkə keçmişini təriflədikləri və müstəmləkə edilmiş xalqlara qarşı dəhşətli cinayətlərə dair dəlillərin nümayiş etdirildiyi “humanizmdən uzaq səhnələr” və ya “narahatedici və alçaldıcı görüntülər” Avropa Şurasının digər yerlərində axtarılmalıdır. Azərbaycan, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır”. Sitatın sonu.