"Qarabağın bərpası daxili turizmin inkişafına da müsbət təsir göstərəcək".
Bunu Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində millət vəkili Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikintisi Şərq-Qərb nəqliyyat dəhlizinin, həmçinin, yükdaşımaların və turizmin inkişafına müsbət təsir göstərəcək: “İşğaldan azad olunmuş ərazilərimizin bərpası çox qısa zamanda həyata keçirilir. Bu bölgənin inkişaf potensialı böyükdür. Turizm sahəsində də perspektivlər mövcuddur. Bölgənin bərpasından sonra xarici turizmə marağın azalacağı və bununla da daxili turizmin inkişafı gözlənilir".
O, eyni zamanda Şuşa şəhərinin turizm potensialı ilə bağlı fikirlərini də bölüşüb: “Şuşa şəhəri həm fəsil, həm də müalicə və unikal memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına malikdir".
Millət vəkili işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yalnız daxili investisiyanın deyil, həm də xarici investorların, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankının da iştirak edəcəyini vurğulayıb.