Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Dövlət başçısı bildirib ki, müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndiririb. Dövlət başçısı onların Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlarına inandığını bildirib.