Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

Həmin tarixdən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində -V-IX siniflərdə tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə- I-IV siniflərdə isə həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək. Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq. Qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta əhsil səviyyəsində həftədə 3 dəfə olmaqla əyani aparılacaq. Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək. Xüsusi məktəblərin ibtidai və ümumi orta təhsil səviyyəsində, karlar, zəif eşidən və sonradan karlaşmış və kor şəxslər, həmçinin nitqi qüsurlu şəxslər üçün xüsusi internat məktəblərinin ibtidai və ümumi orta təhsil səviyyəsində tədris həftədə 5 dəfə olmaqla əyani keçiriləcək. Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarındadərnək məşğələləri həftədə 2 dəfə olmaqla əyani aparılacaq.