Azərbaycan Televiziyasının efirində “YAŞAT” Marafonu keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə təşkil edilən marafonda dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə və  tanınmış şəxslərlə birbaşa bağlantılar yaradılıb. Dünya azərbaycanlıları qazilər və şəhid ailələrinə dəstək məqsədi ilə dəmir yumruq kimi bir araya gəliblər. “Birlikdə yaşadaq” şüarı ilə keçirilən marafonda “Qələbəni Bizə Yaşadanlara” dəstək olunub, Zəfər tarixini yazanların xatirələri yada salınıb. Bu günə qədər “YAŞAT” Fondunun hesabına 37 milyon manata yaxın vəsait daxil olub. Ölkə ərazisində 2 min 881 şəhidin ailə üzvləri, habelə 3 min 42 yaralı olmaqla ümumilikdə 14 min 517 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 6 min 641 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb. Fondun fəaliyyət istiqamətləri üzrə 22 milyon manatdan çox vəsait xərclənib.