Son iki gündə davam edən qeyri-sabit hava şəraiti Şəkidə dağıntı və təlafata səbəb olub.
Azərbaycan Televiziyasının bölgə müxbirinin verdiyi məlumata görə, Kiş qəsəbəsinə dolu düşüb. İntensiv yağıntının yaratdığı leysan nəticəsində Qurcana çayı məcrasından çıxıb və qədim yaşayış məntəqəsində fəsad törədib. Kənd sakini 25 yaşlı Şamil Əhmədovu sel aparıb. Onun cəsədi çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şəkinin Aşağı Göynük və ətraf kəndlərinə də küləklə müşahidə olunan dolu düşüb. İri gövdəli ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb, qaz xətlərinə ziyan dəyib. Hazırda Aşağı Göynük kəndinə elektrik enerjisinin və mavi yanacağın verilişi dayandırılıb.
Dağlıq Şin və Kiş çayında da su artıb.
Səhər saatlarından Şəkidə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb.