Azərbaycan Televiziyasının (AzTV) “Yüz ilin adamları” verilişinin növbəti buraxılışı Azərbaycanın ilk maliyyə naziri Əbdüləli bəy Əmircanova həsr edilib.
Azərbaycanda ilk bankı yaradan, ilk dəfə gömrük vergiləri təşəbbüsü ilə çıxış edən, erməni-müsəlman davasında fədakarlıq göstərən Əmircanovun ailəsi film kimi həyat yaşayıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra nazir ailəsi ilə birgə ölkəni tərk edir. Əmircanov ailəsi onları qaçıran gəmiyə minərkən polis son anda nazirin oğlu Muradı buraxmayıb. Digər oğlu Fuad isə Əbdüləli bəylə birlikdə İstanbulda böyüyüb. İllər sonra iki qardaş bir-birinə qarşı mübarizə aparıblar. Belə ki, İkinci Dünya müharibəsində Murad SSRİ ordusunda döyüşüb, medallar fərmanlar qazanıb. Fuad Əmircan isə almanlar tərəfindən legionerlərə qoşulub və SSRİ-yə qarşı vuruşub. Ailə yalnız 1968-ci ildə tamlığı ilə qovuşa bilib. O zaman isə artıq Əbdüləli bəy həyatda yox idi.
Siyasət və müharibələrin məhv etdiyi daha bir ocaq - Əmircanovlar “Yüz ilin adamları”nda olacaq. Azərbaycanın ilk maliyyə nazirinin keşməkeşli ailə dramı barədə tədqiqatçılar, Bakıdakı varislər və Parisdə yaşayan nəvəsi, dünya şöhrətli keramikaçı Alev xanım danışacaq.
“Yüz ilin adamları” iyulun 11-i saat 22:00-da AzTV-nin efirində olacaq.