Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər davam edir.
Məqsəd jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.
“Müharibə dövründə jurnalistika” mövzusunda təlimlərin növbəti günündə iştirakçılara müharibə şəraitində dağ yürüyüşü, gecə düşərgəsi, pusqu və pusqudan qorunma üsulları, həmçinin silahla davranma qaydaları haqqında məlumat verilib.
Çətin relyefli dağlıq ərazidə düşərgə quran jurnalistlərə iki gün ərzində dağ şəraitində təlimlər keçirilib.
Media nümayəndələrinə avtomobil təlimi də keçilib. Təlimlərdə 44 günlük Vətən müharibəsi dövründə reportajlar hazırlayan Azərbaycan Televiziyasının əməkdaşı Elnur Tofiq də iştirak edir. Təlimlər, ümumilikdə, müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, informasiya təhlükəsizliyi, inandırma strategiyaları, girov götürülmə simulyasiyaları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzuları əhatə edəcək. Bunun əsas hissəsi praktiki hissədən ibarət olacaq. Təlimləri uğurla başa vuran media işçiləri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif ediləcəklər.
Anadolu Agentliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Polis Akademiyası və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərə avqustun 20-də yekun vurulacaq.