Kəlbəcər... Uğrunda qanlar töküldü, neçə-neçə oğullar şəhid oldu. Keçilməz dağlardan, kələ-kötür yollardan, qanlı döyüşlərdən keçib bizi bu əzəli torpaqlara qovuşduranlar qəlbimizdə daim yaşayacaqlar. Onlardan biri də şəhid kapitan Əkbər Pənahovdur. Qəhrəmanımız Vətən müharibəsinə qədər N saylı hərbi hissədə Maddi-texniki təminat və təchizat bölüyündə xidmət edirdi. Amma müharibə başlayan kimi dədə-baba torpaqlarımızı yağı düşməndən azad etmək üçün o da döyüş yoldaşları ilə birlikdə səngərə atılıb və Murovdağ yüksəkliyində gedən döyüşlərdə iştirak edib.

Şəhidin anası Mayiqə Alməmmədova: "O, bəlkə də bilirdi vətən, torpaq uğrunda savaşacaq, amma açıqlamırdı. Çox sirli idi, heç nəyi biruzə vermirdi. İndi bildik ki, oğlum vətəni seçdi, vətəni sevdi."

Qəhrəmanımızın ən böyük arzularından biri Vətəni bütöv görmək idi. Kiçik yaşlarından hərbiyə marağı olduğundan hərbi məktəblərdə təhsilini davam etdirir. Yaxınları deyir ki, ona Vətən, yurd sevgisi ailəsindən keçib. Atası Bəylər Pənahov da 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.

Şəhidin atası Bəylər Pənahov: "Harada qulluq edirdisə, onu orada çox istəyirdilər. Qorxmayın, hər şey yaxşı olacaq deyərdi".

Ehtiyatda olan hərbçi və şəhidin qohumu Etibar Cəfərov: "Vətənə o qədər bağlı idi ki, bəlkə də atasından, anasından daha çox vətəni sevirdi. Vətən də anadır".

Şəhidimizin qoyub getdiyi övladları Rəsul və Cavidan isə indi bu yurda əmanətdir.