“Atamla fəxr edirəm ki, gedib döyüşlərdə iştirak edib. Mənim atam vətən uğrunda şəhid olub. Mən atamla fəxr edirəm”, - deyir Vətən müharibəsi şəhidi, qəhrəman Fərid Hacıyevin oğlu Eşqin Hacıyev.
Qəhrəmanımız 31 yaşını, bəlkə də, Cəbrayılda qeyd etmək istəyirdi. Yəqin ki, müharibə başlayanda xəyalında bunu da canlandırırmış. Çünki 27 il sonra ilk dəfə ayaq basmışdı Cəbrayıla. Amma qismət olmadı. Fərid 1989-cu ilin oktyabrında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açıb. Vətən həsrəti, Vətən nisgili ilə böyüyüb. Ən böyük istəyi Cəbrayılı azad görmək olub. Elə buna görə də ordu sıralarına yazılıb. 8 il idi ki, orduda xidmət edirdi.
Şəhidimizin anası Zəminə Quliyevanın sözlərinə görə, Fərid hər zaman kəndlərini necə bir yer olduğunu soruşurmuş: "Çıxanda 4 yaşı var idi, kəndi tanımırdı. Nənəsi kənd haqqında danışırdı. Müharibə ərəfəsində yenə də gəldi, nənəsindən kənd haqqında soruşdu”.
Kəşfiyyatçı idi qəhrəmanımız. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılmışdı. Cəbrayılın, Xocavəndin, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüş yeri Füzuli olub. Rayonun Alxanlı kəndi istiqamətində gedən döyüşlər zamanı ən ali zirvəyə ucalıb. İki övladı Vətənə yadigar qalıb.
F.Hacıyevin bacısı Fərizə Hacıyeva deyir ki, həmişə alınıaçıq olacaq: “Alnıaçıq olacağam ki, mənim qardaşım Vətən uğrunda getdi. O, çox gözəl qardaş idi, istəməzdi ki, anasının, bacısının bir çətinliyi olsun, gözündən yaş gəlsin. Amma Vətən onu çəkdi ora. O, Vətənini çox sevirdi, vətənpərvər idi. Bəlkə də, o, içində çəkirdi vətənpərvərliyini”.
Yaxınları bildirir ki, Fərid uşaq vaxtlarından hərbiyə, idmana böyük maraq göstərib. Məktəbdə oxuduğu illərdə "Şahin" hərbi oyunlarının da fəal iştirakçılarından olub. Sanki özünü döyüşə hazırlayırmış kimi...
Qəhrəmanımızın müəllimi olmuş Bayram Behbudov Fəridlə təkcə fəxr etmir, həm də qürur duyur: “Müəllim öz şagirdi ilə həmişə fəxr edir. Amma mən Fəridlə qürur duyuram. Qürur duyuram ki, mənim tərbiyə verdiyim şagirdlər Vətən sevgisi ilə yaşadı və Vətəni seçdi – Fərid kimi”.
Qeyd edək ki, F.Hacıyev dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, Xocavəndin və Füzulinin azad olunmasına görə təsis olunan medallara layiq görülüb.
Elnur Ələkbərov, Fərid Fəyazoğlu