Zaqatalada Vətən müharibəsi zamanı igidliyi, qorxmazlığı ilə ad qazananan və qəhrəmancasına şəhid olan Elvin Məmmədovun xatirəsinə tikilən bulaq istifadəyə verilib.

Açılış mərasimində onun şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Elvin uşaqlıqdan tərbiyəsi, zəkası ilə yanaşı, qorxmazlığı  və vətənpərvərliyi ilə seçilib. Vətən müharibəsinə də könüllü gedib. Suqovuşan, Talış, eləcə də Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində özü yaralı olmasına baxmayaraq döyüş yoldaşına kömək edib. Elə həmin vaxt da şəhid olub. Elvin Məmmədov  ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Xəyalə Məmmədova deyib ki, Elvinin doğum günündə onun adına olan bulağın açılışını çox istəyib: “Ümidvaram ki, hər birimiz, hər bir vətəndaş o bulaqdan su içərək onun ruhuna dualar oxuyacaq”. Anası Tahirə Məmmədova isə bildirib ki, oğlu çox vətənpərvər, qürurlu övlad olub: “Bu bulaqdan su içən hamı Elvin kimi vətənpərvər olsun”.

Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində isə şəhid Əhməd Laçınovun anım günü qeyd edilib. Vətən müharibəsi zamanı həqiqi hərbi xidmətdə olan Əhməd müharibədə də ilk günlərdən iştirak edib. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Anım günündə qəhrəmanın məzarı ziyarət edilib.

“Balamla qürur duyuram. Əsgərə getdi, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı olaraq xidmətini davam etdirdi. Vətənpərvər idi, mənimlə qürur duyacaqsınız deyirdi. Tələbə yoldaşlarına da elə deyirmiş”, - şəhidimizin anası Züleyxa Laçınova bildirib.

Qeyd edək ki, Ə.Laçınov ölümündən sonra Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Nigar Davudova, Vüqar Mirzəyev