Əhalinin mənzil probleminə dəstək üçün indiyədək İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi əsasında bazara 1050 mənzil çıxarıb. Layihəyə tələbat yüksəkdir, amma layihə haqqında müfəssəl məlumatı olmayan vətəndaşlar çoxdur. Belə mənzillərə sahib olmaq istəyən vətəndaşlarımız hara müraciət etməlidirlər? Yaxud da, hansı tələblər var?
Qeyd edək ki, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvili prosesi davam etdirilir. Mənzillərə sahib olmaq üçün müəyyən tələblər mövcuddur. Belə ki, kirayə mənzilə sahib olmaq istəyən şəxs ilk növbədə Azərbaycan vətəndaşı olmalı, məhkumluğu olmamaldır. Bununla yanaşı, yaşı 60-dan yuxarı olan şəxslərə kirayə mənzillər verilmir. Kirayə mənzil üçün rəsmi gəlirlərin olması da əsas şərtlərdən biridir.
İpoteka və Kredit Zəmanət Fondunun balansında Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi üzrə 7 fərqli ünvanda mənzillər movcuddur. Həmin yaşayış mənzilləri 1, 2, 3 və 4 otaqdan ibarətdir. Təklif edilən mənzillər su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
Əsas infrastruktur obyektlərinə yaxın komplekslərdə yerləşən mənzillərin qiyməti ilə bağlı Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov deyib ki, Bakı şəhərində mənzillərin qiyməti 411 manatdan başlayır: “Evlərin qiyməti Xırdalan şəhərində 333 manatdan, Sumqayıt şəhərində isə 297 manatdan başlayır. Yeni ünvanda, Masazırda isə mənzillərin qiyməti 320 manatdan start götürür”.
Sözügedən şərtlər mənzil almaq istəyən vətəndaşları qane edirmi? Vətəndaşlar arasında keçirdiyimiz sorğuya maraqlı cavablar var.
“Gəlirimə, maaşıma baxaram, qane edərsə, alaram. Kirayə verdiyim pulu buraya verərəm, axırda ev mənə qalar.Yaxşı layihədir”, - deyir sorğumuzda iştirak edən vətəndaşlardan biri.
Digər vətəndaşın cavabı: “Sumqayıtda 300 manat verib kirayədə qalmaqdansa, əlbəttə, Bakıda 400 manat verib kirayədə qalmaq daha yaxşıdır. Çünki ən azından bilirəm ki, bu ev sonda mənə qalacaq”.
“Cavanlar üçün çox gözəl bir layihədir. Ona görə ki, evlənirlər qalmağa yer tapmırlar. Hələ qiymət 350 manatdan 250 manata düşsə yaxşı olar. Müəyyən vaxtdan sonra həmin ailəyə o ev çatacaqsa, çox müsbət hal kimi baxıram”, - başqa bir sorğu iştirakçısı söyləyir.
Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.
David Nuraşvili, Elnur Abbasov