Prezident İlham Əliyevin Cəbrayıl rayon ictimaiyyəti ilə görüşü həm də səmimi görüntülərlə yadda qaldı. Ümumiyyətlə 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. Bəli, millətin öndə gedəni olmaq – bu, yalnız güclü liderlərə, güclü şəxsiyyətlərə məxsus böyüklük, həm də onu yetirən xalqın xoşbəxtliyidir.
İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirdi. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır” deyən Prezident hakimiyyətdə olduğu dövrdə hamımızın doğmasıdır. O, xalqını, xalq da onu qorudu, ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət qərarlaşıb.
“Biz Sizin gələcəyinizə inanırdıq”, - deyən vətəndaşa “Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim”, - söylədi Prezident.
2016-cı ilin aprelində Ermənistan cəbhə xəttində təxribat törədəndə və nəticədə insanlar ev-eşiklərindən olanda yenə də onların harayına ilk çatan Prezident İlham Əliyev oldu. Onun dərhal təmas xəttinə gəlişi düşmənlə üz-üzə dəyanətlə dayanan insanlara inanılmaz ruh vermişdi. Bu, həm də xalqın liderinin qətiyyət və mərdliyinin, xalqla bir olmasının gözəl örnəyi idi.
Prezident İlham Əliyev həssas əhali təbəqəsinə, şəhid ailələrinə davamlı qayğını bütün cəmiyyətin işinə çevirib. Prezident şəhid ailələrinə mənzillərin, maşınların açarlarını şəxsən özü təqdim edir, bu qayğını özünə təkcə vəzifə borcu yox, həm də şərəf sayır. Bu ünsiyyət insanları sevindirir, ürəkləndirir, sabaha inamını artırır və həm də düşündürür. Çünki bu münasibət son dərəcə səmimidir və ürəkdən gəlir. Məsələn, dövlət başçısı öz ad günlərində hər zaman xalqın arasında olur.
“Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz”, - dedi ölkə başçımız 2011-ci ildə Ağcabədidə məcburi köçkünlərlə görüşdə.
Ölkəsinin və xalqının taleyini öz taleyinə çevirən Prezident çətin gündə də, xoş gündə də xalqın yanındadır. Ona insanların sonsuz sevgisini qazandıran da elə bu sadəlik, bu təvazökarlıqdır.
Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Bu 44 günlük Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə də xalqının qarşısına çıxdı, ən sevincli xəbəri özü çatdırdı insanlara. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə apardı. Bu 30 ildə bir an da olsun ümidimiz sönmədi, inanmımız tükənmədi, ona görə yox ki, məcburən tərk etdiyimiz yurda sevgi ürəyimizdə kök salmışdı. Ona görə ki, qarşımızda xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var! Bu sevginin ömrü uzun olsun, cənab Prezident!..
Firuzə Nadir