Oktyabrın 6-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin  Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlaması ölkəmizin regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir.

Bu, həm də bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. AZAL-ın məlumatına əsasən, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanının yanacaq sərfiyyatının  azalmasına gətirib çıxaracaq. Həm də bununla AZAL sözügedən reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla, mövcud bütün hava dəhlizlərindən istifadə edə bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, bu, çox ciddi məsələdir: “Ermənistan üzərindən Naxçıvana uçuşların həyata keçirilməsi, eyni zamanda, Ermənistanın da Azərbaycanın hava məkanından istifadə etmək kimi imkanın yaradılması həm Azərbaycan, həm Ermənistan üçün etimad mühitinin daha da gücləndirilməsi, həm də bizim Naxçıvana daha az vaxt hesabına uçuşların bərpa olunmasıdır. Bu, bütövlükdə Azərbaycanın, Naxçıvanın inkişafında önəmli məsələdir. Atılan bu addımlar, gələcəkdə avtomobil və dəmir yolunun açılması, bütövlükdə blokadanın aradan qaldırılması regionda Azərbaycanın yaratdığı reallıqların Qafqazın hər 3 ölkəsinin daha çox qazanmasına və inkişafına imkana yaradacaq”.

Göründüyü kimi, Azərbaycan müharibədən sonra bölgədə dayanıqlı sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa hesablanan yeni reallıqlar yaradıb. Ölkəmizin həm də beynəlxalq konvensiyalara uyğun şəkildə Zəngəzur dəhlizi üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirməsi açılması planlaşdırılan dəhlizlə bağlı atılan mühüm addımlardan sayıla bilər. Ermənistan tranzit ölkəyə çevrilir və nəticədə Azərbaycanın İran hava məkanından istifadəsinə ehtiyac qalmır. Eyni zamanda Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər. Hər iki ölkənin belə bir öhdəliyi var. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına əsasən də, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır. Müharibə bitdiyinə görə regional aviasiya təhlükəsizliyi qaydaları da dəyişib.

Politoloq Zaur Məmmədov hesab edir ki, dövlətimizin bir çox nəqliyyat şəbəkələri vasitəsilə öz tranzitini həyata keçirmək imkanları var: “Bu imkanlardan biri də Ermənistan hava məkanıdır ki, biz özümüz bu hava məkanından imtina etmişdik. Çünki vəziyyət heç də yaxşı deyildi. Amma bu gün yeni Azərbaycan maraqlarına cavab verən proseslərin, hadisələrin şahid olmaqdayıq”.

Ekspertlər hesab edir ki, regionun gələcək inkişafı kommunikasiyanın bərpasından keçir. Bunun mərhələli şəkildə reallaşması bölgə ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək. Əslində bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli Birgə Bəyanatda əksini tapıb. Kommunikasiyaların bərpası eyni zamanda hava məkanlarından istifadə imkanları demək idi. Bu addım, eləcə də Zəngəzur və daha yeni dəhlizlərin açılması bölgə xalqları və ölkələri üçün faydalı olacaq.

Südabə Cahangirli, Elmir Məmmədov, Niftulla Məmmədli, Sehrac Azadoğlu