Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edib. Nazir dünyanın bu gün üzləşdiyi hədə və təhdidlərin beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün birgə səylərimizi tələb etdiyini söyləyib.

Elmar Məmmədyarov qeyd edib ki, BMT Nizamnaməsinin əsasını təşkil edən çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması BMT-nin sütunları olan sülh və təhlükəsizlik, inkişaf və insan haqlarını təşviq etmək və onlara dəstək olmaq üçün çox vacibdir. Bu xüsusda, islah edilmiş və gücləndirilmiş çoxtərəfli bir sistemi təşviq etmək və dəstəkləmək bizim ümumi vəzifəmizdir. Hamılıqla qəbul edilmiş fundamental dəyərlərə, norma və prinsiplərə riayət olunmursa, eləcə də təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin icrası, habelə hesabatlılıq bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə riayət olunmaması Şuranın beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyətinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Müharibə və insan əziyyətlərinin qarşısını almaq üçün təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı bütün üzvlərini ümumi qayda əsaslı bir nizamla bağlayaraq sülh və təhlükəsizlik problemlərinin həllində iştirak edənlərin hamısının təşkilatın məqsəd və prinsiplərinin vahid tətbiqini təmin etməkdə mərkəzi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının bu roluna dəstək sülhün, sabitliyin və davamlı inkişafın qorunmasında vacibdir.

Nazir deyib ki, müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin ən güclü tərəfdarlarından biri Qoşulmama Hərəkatıdır. Biz Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini səbrsizliklə gözləyirik. Qoşulmama Hərəkatı tarixiboyu Bandunq Prinsiplərinə sadiq qalmaqla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Azərbaycanın sədrliyi 2020-ci ildə 65 illik yubileyini qeyd edəcək Hərəkatın təməl prinsiplərinin inkişafına daha bir təkan verəcək.

Elmar Məmmədyarov qeyd edib ki, 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi yolunu davam etdirərək üzərimizə götürdüyümüz öhdəlikləri nə dərəcədə yerinə yetirdiyimizi müəyyənləşdirmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən davamlı səylər xalqımızın parlaq gələcəyini və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir. Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır. Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib. İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf edib. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollaradək təşkil edib.

Sosial sahə hər zaman diqqət mərkəzində olub. Bu il hökumət 10 milyonluq əhalisi olan ölkənin 4 milyondan çox insanını əhatə edən sosial paket qəbul etdi. Son 15 ildə sosial sahəyə qoyulan investisiyalar ölkədə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49 faizdən 2019-cu ildə demək olar ki, 5 faizə endirilməsi ilə nəticələndi. Eyni müddətdə işsizlik səviyyəsi 10,6 faizdən 5 faidən də aşağı endi. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən 10 ölkəsinin siyahısına daxil edilib. Ölkədəki əlverişli iş mühiti son 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollara yaxın investisiya gətirdi, bunun da yarısı xarici sərmayələrin payına düşür.