Cocuq Mərcanlı sakinləri artıq kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olmağa başlayıblar. Kənd bərpa olunandan sonra burada heyvandarlıqla yanaşı, əkinçilik ənənələri də əvvəlki vəziyyətinə qaytarılıb.

Bu ildən baramaçılıqla yanaşı, qəsəbədə ilk dəfə olaraq pambıq da əkilib. Hazırda məhsul yığımı gedir.

Ötən əsrin 80-cı illərindən bu tərəfə Cocuqmərcanlı ərazisində birinci dəfədir ki, pambıq əkilib.

Cəbrayılın bərəkətli torpaqlarında uzun müddətdən sonra bu il ilk dəfə pambıq əkən fermer Oktay Həziyevin fikrincə, bu il hər hektardan 50 sentnerdən çox məhsul əldə edəcək. Onun sözlərinə görə, bu torpaqların uzun illər əkilib-becərilməməsi də məhsulun yüksək olmasına təsir edən amillərdəndir.

Toplanılan xammal texnikalar vasitəsi ilə pambıq qəbulu məntəqələrinə daşınır. Laboratoriyada nəmliyi və təmizliyi yoxlanılan məhsulunun hər birininin tutumu 250 ton olan tayalara yığılır.

Daha sonra isə emal üçün zavodlara göndərilir.

Pərviz İmranoğlu