“Bu günlərdə Ukrayna XİN öz vətəndaşlarına xatırlatdı ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyaya səfər etmək istəyən ukraynalılar yalnız Azərbaycan və Gürcüstanın rəsmi hakim dairələrindən icazə almalıdırlar. Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. GUAM ölkələri Parlament Assambleyasının parlamentlərarası qrupunun üzvü və “Sluqa naroda” partiyasının deputatı kimi Ukrayna XİN-in bu dəyişməz mövqeyini tam dəstəkləyirik”.
Bu sözləri Vesti.Az informasiya agentliyinə Ali Radanın deputatı Maryan Zablotski Ukrayna XİN-in işğal edilmiş torpaqlara qeyri-qanuni səfərlərin yolverilməzliyi barədə bəyanatına Ermənistan XİN-in reaksiyasını şərh edərkən deyib.
“Qeyd etmək istərdim ki, eyni fikirləri Moldovanın tərkib hissəsi olan Dnestryanı bölgəyə də aid edirik. Yaxın zamanlarda biz Azərbaycan, Gürcüstan və Moldovadan olan həmkarlarımızla birgə işğal altında olan torpaqlarımızın azadlığı naminə səylərimizi kooperasiya etmək üçün fəaliyyətə start verəcəyik. İndiki dövrdə Avropanın 4 ölkəsində başqa ölkənin işğalçı ordularının olması qəbuledilməzdir. 4 ölkədə 7 milyondan çox insan işğalçıların fəaliyyəti səbəbindən normal, azad və sülh şəraitində yaşaya bilmirlər.
Əminəm ki, GUAM ölkələrindən olan deputat həmkarlarımızla yaxın müddətdə torpaqlarımızın işğaldan azad edilməsi naminə birgə fəaliyyət mexanizmi işləyib hazırlamağa nail olacağıq. Bu planın ana xəttini aqressora beynəlxalq təzyiq və iqtisadi sanksiyalar təşkil etməlidir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və həmişə də belə olacaq. Bu məsələdə mövqeyimiz heç zaman dəyişməyəcək!”, - deyə Zablotski bildirib.
Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan diasporunun rolundan danışan Zablotski qeyd edib ki, bu işdə Ukrayna azərbaycanlıları aktivlik nümayiş etdirirlər:
“Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu yaxşı tanıyıram. O, Ukraynada Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının hamı tərəfindən anlaşılması üçün səylər göstərir. Ümid edirəm ki, işğal olunmuş ərazilərimiz barədə beynəlxalq aləmə daha effektiv məlumat çatdırılması naminə, gələcəkdə GUAM ölkələri diaspor təşkilatlarının səylərini birləşdirməyə nail olacağıq”.