Oktyabrın 1-də Bakıda iki yeni park istifadəyə verilib.

AZTV.AZ xəbər verir ki, onlardan biri Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşir. Sözügedən park əsaslı yenidənqurmadan sonra paytaxt sakinlərinin ixtiyarına verilib.

Digər park isə Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər iki parkın açılış mərasimində iştirak ediblər.

Atatürk prospektində yerləşən parkda yenidənqurma işlərinə cari ilin may ayından başlanılıb. Layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Parkda uşaq əyləncə və trenajor qurğuları quraşdırılıb. Burada, həmçinin konsert meydançası da var.

Nəsimi rayonunda 28 May, Dilarə Əliyeva və Fikrət Əmirov küçələrinin kəsişməsində salınan yeni parkda sakinlərin və turistlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.