“Mən ilin əvvəlində burada idim, yeni İnnovasiya Mərkəzinin açılışında. Oradan çıxanda gördüm ki, bu parkın vəziyyəti çox acınacaqlıdır, dözülməzdir. Göstəriş verdim ki, burada abadlıq işləri aparılsın və 6,5 hektarı əhatə edən bu park qısa müddət ərzində yenidən quruldu, ən gözəl səviyyəyə çatdırıldı”.
AZTV.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 1-də Bakının Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olduqdan sonra sakinlərlə görüşündə səsləndirib.
Ölkə başçısı qeyd edib ki, hazırda sözügedən parkda yaşlı nəslin, uşaqların, yeniyetmələrin və gənclərin istirahəti üçün bütün imkanlar var.
“Ümumiyyətlə, Bakı son illər ərzində bağlar və parklar şəhərinə çevrilib. Deyə bilərəm ki, parkların sayına görə biz dünya miqyasında ən qabaqcıl yerlərdəyik.
İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Baxın, son illərdə şəhərimizdə nə qədər park salınıb. İlk növbədə, bizim ən böyük parkımız bulvar. Əvvəllər bulvarın uzunluğu 3 kilometr idi, indi 15 kilometrdir. Hər tərəf yaşıllıq, hər tərəf gözəl, hər tərəf abad. Heydər Əliyev Mərkəzinin və Konqres Mərkəzinin ətrafında 20 hektarı əhatə edən böyük bir park var. İndi uşaqlar, yaşlı nəsil orada istirahət edir. Yusif Səfərov küçəsindəki park. Orada da yöndəmsiz binalar var idi, infrastruktur dağılmışdı. Orada da park salındı. Yəni, bu abadlıq-quruculuq işləri vətəndaşlar üçündür. Çünki vətəndaşlar ictimai yerlərdən istifadə etməlidirlər. Bu parkda da çox gözəl şərait yaradılıb”, - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görülür: “Bilirsiniz ki, bu yaxınlarda metronun “Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açılışını qeyd etdik. Yeni avtobuslar gətirilir. Bu il 300 avtobus gətirilib, əvvəlki dövrlərdə də gətirilib. Gələn il də ən azı 300 müasir avtobus gətiriləcək. Bakı o şəhərlərdəndir ki, metro tikintisi gedir. Deyə bilərəm ki, MDB məkanında yalnız Rusiyada və Azərbaycanda metro tikintisi davam etdirilir. Bu il 30 yeni vaqon gətirilib. Bu vaqonlarda həm kondisioner, həm də gözəl şərait var. Bütün bunlar vətəndaşların rahatlığı üçün edilir. İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb.
Bütün bunlar Bakının həm gözəlliyi, abadlığı, eyni zamanda, vətəndaşların rahatlığı üçündür. Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır”.
Ölkə başçısı vətəndaşların dəstəyindən güc aldığını deyib: “Mənə güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir. Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır. Bundan sonra da biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın”.