Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” müvafiq Fərmanının icrasına uyğun olaraq işlər davam etdirilir. Bu günədək on minlərlə çıxarış vətəndaşlara verilib. Növbəti səyyar qeydiyyat xidmətləri isə jurnalistlərin binasında təşkil olunub.

AZTV.AZ xəbər verir ki, jurnalistlər üçün inşa edilən binanın həyətində sakinlərdən ilkin sənədlər toplanıb. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim ediblər.

Qeyd edək ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı kabinetinə yerləşdirilir.

Çıxarışlar barədə bütün məlumatlar isə telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Həmin informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki də göstərilir.

Jurnalistlər üçün tikilən binalarla yanaşı, istismarına icazə verilən digər binalardakı mənzillərin də elektron çıxarışla təmin olunması həyata keçirilir. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.

Tural Qurbanov