Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir.
Bu barədə məlumat nüfuzlu "Gallup İnternational" təşkilatının yaydığı məlumatda qeyd edilib.
Təşkilatın rəy sorğusuna görə, iqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da ötən ilin göstəricisindən 6 bal daha yuxarıdır. Eyni zamanda, bu, İndoneziya və Albaniyadan sonra ən yaxşı 3-cü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür. Azərbaycanın mövcud indeks üzrə postmüharibə dövründə yüksək nəticələr göstərməsi həm də Qarabağ regionundakı münaqişənin uzun illərdən sonra hərbi-siyasi yolla həllinin yaratdığı nəticələri də əks etdirir.
Qeyd edək ki, 1947-ci ildən fəaliyyət göstərən "Gallup İnternational" təşkilatı dünyada müxtəlif sosioloji sorğular və tədqiqatların aparılması üzrə ixtisaslaşmış nüfuzlu və geniş şəbəkəyə malik beynəlxalq təşkilatdır. Təşkilatın bu ilin oktyabr-dekabr aylarında apardığı sorğular ümumilikdə 44 ölkədə 41 mindən çox insanı əhatə edib. Sorğunun nəticələrinə əsasən, dünya üzrə respondentlərin 38%-i 2022-ci ilin 2021-ci illə müqayisədə daha yaxşı, 28%-i daha çətin, 27%-i isə əsaslı dəyişikliklərin olmayacağına inanır. Beləliklə, qlobal miqyasda iqtisadi ümid indeksi ötən illə müqayisədə azalıb.