Ukraynada döyüşlər davam edir.

Bir sıra kütləvi informasiya vasitələrinin məlumatına görə, səhər saatlarında Ukraynanın Xarkov, Vinnitsa, Uman, Lutsk, Lvov, Xerson və başqa yerlərdə hava həyəcanı elan edilib. Kiyev meriyası şəhərdə döyüşlər getdiyi üçün sakinləri evlərini tərk etməməyə çağırıb. “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskini daha təhlükəsiz yerə təxliyə etmək üçün yardım təklif edib, lakin dövlət başçısı bu təklifi qəbul etməyib. Zelenski administrasiyası Prezidentin paytaxtda olduğunu və şəxsən müdafiəyə rəhbərlik etdiyini açıqlayıb.

ABŞ Prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardımla bağlı memorandum imzalayıb. Söhbət bu ölkəyə 600 milyon dolların ayrılmasından gedir. Bu məbləğin 350 milyonu Pentaqon xətti ilə hərbi yardım qismində, o cümlədən ukraynalı hərbçilərin təlimi üçün təklif olunur.

NATO şərq istiqamətində müdafiəni ciddi şəkildə gücləndirir. Bu barədə təşkilatın fövqəladə sammitinin yekununda elan edilib. Sammit iştirakçıları Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcəklərini vurğulayıblar. Qurumun baş katibi Yens Stoltenberq Rusiya-NATO razılaşmasının artıq işləmədiyini, rəsmi Moskvanın sənədin əsas müddəalarını pozduğunu bəyan edib: “Bu, bizim son onilliklər ərzində Avropada üzləşdiyimiz ən ciddi təhlükəsizlik böhranıdır. Buna görə də NATO-nun çevik reaksiya qüvvələri var. Məhz bu səbəbdən biz onları yerləşdiririk ki, bizim öz müttəfiqlərimizi qorumağa hazır olmadığımızla bağlı istənilən anlaşılmazlığın qarşısını alaq”.

Avropa İttifaqı Şurası isə aprelin 12-dən etibarən Rusiya hökuməti, Rusiya Mərkəzi Bankı və ölkənin bir sıra maliyyə institutlarının Avropa İttifaqının kapital bazarına çıxışını məhdudlaşdırır. Brüssel həmçinin Rusiya  ilə ticarətin dövlət maliyyələşməsini və federasiyaya investisiyaları qadağan edib. Bundan əlavə, ittifaqa üzv ölkələrin bankları Rusiya fiziki və hüquqi şəxslərinə məxsus 100 min avrodan çox depozitlərlə bağlı hesabat verməli, bu hesabların mənbələri barədə həmin şəxslərdən izahat almalıdır. Müvafiq qərar Avropa ölkələrində vətəndaşlıq və ya yaşamaq icazəsi almış rusiyalıların depozitlərinə də şamil edilir. Avropa İttifaqı həmçinin Rusiyanın 60 aparıcı hərbi-sənaye şirkəti, təyyarə və gəmiqayırma korporasiyalarına qarşı sanksiyalar tətbiq edib. Rusiya Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat xidmətləri də məhdudiyyət tədbirləri ilə üzləşib.  

Fərda Abasova