Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu - 2022”-də iştirak üçün qeydiyyat bu gündən başlayıb.
Mayın 10-dək 18 yaşdan yuxarı şəxslər Bakı şəhərinin ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu - 2022”nin rəsmi saytına müraciət edə bilərlər. Tələbələrin yarışda iştirakı Heydər Əliyev Fondu tərəfindən ödəniləcək. “Küləyə qalib gəl” şüarı altında 5-ci dəfə keçirilən “Bakı marafonu” bu il fərqli marşrutda təşkil ediləcək. 21 kilometrlik məsafəni əhatə edən yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq. Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri təşkil olunacaq. Marafon iştirakçılarının mükafatlandırması iki kateqoriyada həyata keçiriləcək. Kişi və qadın iştirakçılar qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. 1-ci yerin qalibi 3 min manat, 2-ci yerin – 2 min, 3-cü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.