Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür.

O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub.

Zərifə Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, ona mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Görkəmli akademik gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.