Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvani Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.
Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.
Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək".
Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda isə deyilir:
"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qabon hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu əlamətdar bayramın yaratdığı xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı ifadə edir, dost Azərbaycan xalqına uğurlar diləyirəm.
Qabon ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və yeni səviyyəyə yüksəldilməsində Sizinlə əməkdaşlıq etməyə hazır olduğumu bir daha bildirirəm.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".