Mayın 28-də Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar dərc olunub.
Dövlət Sərhəd Xidməti məsələ ilə əlaqədar məlumat yayıb. DSX-dən rəsmi olaraq bildirilib ki, bu yöndə çıxan xəbərlər həqiqətə uyğun deyil və reallığı əks etdirmir:
"Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (Ermənistan Respublikasının Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonunun Razdərə kəndi) dövlət sərhədinin müdafiəsi və mühafizəsini həyata keçirən bölmələrimiz tərəfindən həmin gün ərzində Ermənistan ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb.
Eyni zamanda, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşahidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislokasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də daha iki ədəd atəş səslərinin eşidilməsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təxliyə edilməsi qeydə alınıb.
Həmin vaxt həyata keçirilmiş müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçilərinin öz aralarında baş verdiyini göstərir.
DSX Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq silahlı qüvvələrində ölümlə nəticələnən intizamsızlıq hadisələrini gizlətmək əvəzinə, ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edir".