Qırğızıstanın paytaxtı Bişkekdə15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Tarix yazan liderlər” mövzusunda konfrans keçirilib.
Milli Qurtuluş Gününə həsr olunmuş konfrans Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan, TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürk, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Qırğızıstandakı Azərbaycan diasporunun üzvləri, ölkənin tanınmış ziyalıları universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Böyük maraqla qarşılanan konfransı giriş sözü ilə açan Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan qonaqları salamlayıb, TAİB nümayəndələrini “Manas” Universitetində görməkdən şad olduğunu bildirib. Alpaslan Ceylan çıxışı zamanı Türk Ağsaqqalları Birliyinin Türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək istəyini alqışladığını, Manas Universitetinin də TAİB-in təşəbbüsü ilə təşkil olunan layihələrdə iştirakda maraqlı olduğunu qeyd edib. Rektor türk xalqları arasında birliyin möhkəmləndirilməsinin tarixi zərurət olduğunu deyib və Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın türk dövlətləri arasında əlaqələrin inkişafı üçün göstərdiyi səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Milli Qurtuluş Gününün mahiyyəti barədə danışan Sudeyf İmamverdiyev qonaqları 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan hərc-mərclik, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və həmin dövrdə Qarabağın işğal edildiyi barədə məlumatlandırıb.
TAİB sədri bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf və çiçəklənmə dövrünə qədəm qoydu, sürətli ordu quruculuğu həyata keçirildi.
Sudeyf İmamverdiyev Ulu Öndərin türk xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Millət vəkili, professor Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolundan danışıb. Elman Nəsirov tarixi faktlara əsaslanaraq, 90-cı illərin əvvəllərində Azərbaycandakı həm siyasi, həm də iqtisadi qeyri-sabitliyə diqqət çəkib, eyni zamanda, Heydər Əliyevin ölkəmizi hansı çətinliklərlə inkişaf yoluna gətirdiyindən danışıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov isə konfransda çıxışı zamanı Ulu Öndərin ölkəmizin müstəqilliyinin ilk illərində diplomatik uğurlarımız üçün göstərdiyi təşəbbüslərdən danışıb.
Qeyd edək ki, konfransın sonunda Qırğızıstan-Türkiyə Manas Universitetinin rəhbərliyi adından Türk Ağsaqqalları Birliyinin nümayəndələrinə Universitetin xüsusi hədiyyələri təqdim olunub.