15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri" mövzusunda Diplomatiya Həftəsinin iştirakçılarının "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə səfəri baş tutub.

Səfər çərçivəsində iştirakçıların "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ilə görüşü keçirilib. Görüşdə müasir dövrdə media, informasiya siyasəti, dezinformasiya və feyk nyuslarla mübarizə, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu haqqında iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra, layihə iştirakçıları QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Səfər çərçivəsində iştirakçılar AzTV-nin studiyaları, arxivi, aparat otağı ilə tanış olub, televiziyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə ediblər.