Misirin “Əl Diplomasi” portalı Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi haqqında yazı yayımlayıb.

Diqqətə çatdırılıb ki, əhalinin köçürülməsinin birinci mərhələsinə həsr edilən tədbir Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu “Zəngilan şəhərciyi”ndən öz doğma yurd-yuvalarına yola salınıb. Xəbərdə qeyd olunub ki, ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürüləcək 41 ailə, təxminən 200 nəfər burada hər cür şəraitlə təmin olunacaq. Kənd  sakinləri yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin edilir, onların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.