"Ukrayna və Azərbaycan parlamentləri arasında həm ali səviyyədə, həm də deputat qrupları səviyyəsində yaxın zamanda qarşılıqlı səfərlər gözlənilir".

AZTV.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının (parlament) vitse-spikeri Yelena Kondratyuk bildirib.

Onun sözlərinə görə, bu səfərlər tək hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq üçün yox, ümumiyyətlə, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrində yeni mərhələyə keçid əhəmiyyəti daşıyır: “Bildiyiniz kimi, Ali Radada hazırda yeni heyət formalaşıb. Ümumiyyətlə, Ukrayna hakimiyyəti yenidən formalaşıb. Biz yeni strategiya hədəfləmişik və bu hədəflərimizdə dost ölkələrlə əməkdaşlıq prioritetlərdəndir. Azərbaycan Ukrayna üçün həmişə dost və strateji cəhətdən maraqlı ölkə olub. Bizim ortaq məsələlərimiz çoxdur. Düşünürəm ki, biz yeni hədəflərimizdə Azərbaycanla əməkdaşlıqda da yeni mərhələyə keçəcəyik”.